BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

ƏSASNAMƏ

Azərbaycan     Respublikası      iqtisadi 

inkişaf  nazirinin « 25 »  iyun  2009-cu 

il   tarixli   F-73 nömrəli  əmrilə təsdiq 

                                         edilmişdir.

 

 

 

İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN BAKI BİZNES TƏDRİS MƏRKƏZİNİN

Ə S A S N A M Ə S İ

 

 I. Ümumi müddəalar

1. İqtisadi İnkişaf Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində olan Bakı Biznes Tədris Mərkəzi (bundan sonra - Mərkəz) sahibkarların təcrübəkeçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirən hüquqi şəxs statusuna malik tədris müəssisəsidir.

2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, iqtisadi inkişaf nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını,  Nazirliyin Kollegiya qərarlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının bölmələri, strukturuna daxil olan və tabeliyindəki qurumları (bundan sonra - Nazirliyin strukturları), təsisçisi olduğu, səhmlərinin saxlanılması və idarə olunması Nazirliyə həvalə edilmiş hüquqi şəxslər, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Mərkəz müstəqil balansa, istifadə hüququ ilə ona verilmiş dövlət əmlakına, bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Mərkəz Bakı, Şərifzadə, 172 ünvanında yerləşir.

 

II. Mərkəzin fəaliyyət istiqamətləri

7.     Mərkəzin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

7.1. sahibkarların maarifləndirilməsi, sahibkarların təcrübəkeçmə, ixtisasartırma tələblərinin ödənilməsini, yenidən hazırlanmasını həyata keçirir;

7.2. sahibkarların maarifləndirilməsi, hüquqi və iqtisadi sahələrdə biliklərinin artırılması ilə bağlı tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin edir;

7.3. müvafiq sahənin inkişafını təmin edir;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Mərkəzin vəzifələri

8. Mərkəzin vəzifələri aşağıdakılardır:

8.1. sahibkarların təcrübəkeçmə və ixtisasartırma tələblərinin ödənilməsi, yenidən hazırlanması məqsədi ilə təlim-tədris proqramları hazırlamaq, onları yüksək səviyyədə, mövcud norma və qaydalara tam əməl edilməsi şərti ilə tədris etmək;

8.2. kiçik və orta biznes üçün əsas peşələr, habelə yeni sahibkarlıq subyektləri və iqtisadi strukturlar üçün biznesin idarəolunması sahəsində kadrlarının ixtisasartırma tələblərinin ödənilməsini və yenidən hazırlanmasını həyata keçirmək;

8.3. qruplar yaratmaq,  təlimlər, kurslar, treninqlər və s. təşkil etmək, təlim-tədris proqramlarının dinləyicilər tərəfindən dərindən və hərtərəfli mənimsənilməsi üçün  zəruri tədbirlər görmək, bacarıqlı və praktiki hazırlıqlı kadrlar formalaşdırmaq;

8.4. tədrisin keyfiyyətini daima yaxşılaşdırmaq, əldə edilən biliklərin praktiki məsələlərin həllinə istiqamətləndirmək:

8.5. Nazirliyin strukturlarının əməkdaşlarının peşə biliklərinin təkmilləşdirilməsi, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması işini təşkil etmək və həyata keçirmək; 

8.6. fəaliyyət istiqamətləri üzrə əlavə tədrisə olan  tələbatı öyrənmək, buna uyğun olaraq təkliflər hazırlamaq və müvafiq tədbirlər həyata keçirmək, tədris-tematik planlar hazırlamaq; 

8.7. sahibkarların maarifləndirilməsi, onların hüquqi, iqtisadi və informasiya texnologiyalarından və resurslarından istifadə sahələrində,  sahibkarlığın inkişafına kömək məqsədilə digər istiqamətlərdə biliklərinin artırılması ilə bağlı treninqlərin, seminarların və s. tədbirlərin təşkilini və həyata keçirilməsini təmin etmək;

8.8. əhalinin sahibkarlıq fəaliyyəti üçün lazımi biliklər əldə etməsinə köməklik göstərmək, bu məqsədlə müxtəlif tədbirlər təşkil etmək;

8.9. gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına köməklik göstərmək, sahibkarlıq  fəaliyyətinə başlamaq istəyən gənclər üçün  sahibkarlığın əsaslarına dair treninq, məsləhət və informasiya xidmətlərini təşkil etmək;

8.10. regionlarda sahibkarların ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqi, iqtisadi, informasiya texnologiyaları və internet xidmətlərindən istifadə sahələrində biliklərinin artırılması məqsədilə  treninqlər, seminarlar və s. tədbirlər təşkil etmək, digər zəruri tədbirlər həyata keçirmək;

8.11. Nazirliyin strukturları tərəfindən sahibkarlığın inkişafı və sahibkarların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə fəaliyyət istiqamətləri üzrə iştirak etmək və aidiyyəti tədbirlər görmək;

8.12. sahibkarlığın inkişafı, innovasiya yönümlü sahibkarlıq fəaliyyəti, müasir informasiya texnologiyalarının tətbiqi əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və s. sahələrdə araşdırmalar aparmaq, ən yaxşı təcrübənin tətbiq edilməsi haqqında təkliflər vermək;

8.13. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində yeni informasiya texnologiyalarının tətbiqində, o cümlədən, elektron ticarət (e-Trade), distant təlim mərkəzləri şəbəkələrinin yaradılmasında iştirak etmək;

8.14. müqavilələr bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək;

8.15. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, Nazirliyin strukturları və digər dövlət orqanları tərəfindən hazırlanmış layihələrə  rəy və təkliflər vermək;

8.16. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;

8.17. səlahiyyətləri çərçivəsində Nazirliyin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;

8.18. mərkəzin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və təsdiq edilmək üçün nazirə təqdim etmək;

8.19. mərkəzin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

8.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Mərkəzin hüquqları

9. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin strukturlarına, dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

9.2. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

9.3. fəaliyyət istiqamətləri üzrə iclaslar, tədris və metodiki konfranslar, seminarlar təşkil etmək, tədris-metodiki və məsləhət yönümlü dərs vəsaitləri hazırlamaq və nəşr etdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.4. tədrisin yekunlarına görə dinləyicilərin əldə etdikləri bilikləri və işgüzar keyfiyyətləri qiymətləndirmək;

9.5. qanunvericiliklə müəyyən olunmuş qaydada və fəaliyyət istiqamətləri üzrə respublikada və xarici dövlətlərdə olan elmi-tədqiqat və tədris müəssisələri, habelə beynəlxalq təşkilatlarla  əməkdaşlıq etmək, təcrübə və kadr hazırlığı mübadiləsi aparmaq, müvafiq layihələrin həyata keçirilməsində iştirak etmək;

9.6. tədris prosesinə alimlər, xarici və yerli elm və təhsil müəssisələrindən mütəxəssislər cəlb etmək, onların iştirakı ilə seminarlar, konfranslar və başqa işgüzar görüşlər təşkil etmək və ya təşkilində iştirak etmək;

9.7. qanunvericiliyə uyğun olaraq, ödənişli əsaslarla hüquqi və fiziki şəxslər üçün təcrübəkeçmə,ixtisasartırma və yenidən hazırlıq xidmətlər göstərmək;

9.8. fəaliyyətinə aid məsələlər üzrə Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə iştirak etmək;      

9.9. fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin qabaqcıl  təcrübəsini öyrənmək, onun tətbiqi sahəsində fəaliyyəti həyata keçirmək və mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyin rəhbərliyinə təkliflər vermək;

9.10. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;

9.11. qanunvericiliklə müəyyən olunmuş qaydada yerli qurumlarının, filial və nümayəndəliklərin təsis olunması haqqında nazirə təkliflər vermək; 

9.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Mərkəzin fəaliyyətinin təşkili

­­10. Mərkəzin strukturu və ştat cədvəli nazir tərəfindən müəyyən və təsdiq edilir. Mərkəz qanunvericiliklə müəyyən edilmiş qaydada nazirə tabedir və onun qarşısında hesabat verir.

11. Mərkəzin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (direktor) rəhbərlik edir. Direktor mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

12. Direktorun nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

Direktorun müavinləri direktor tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

Direktor olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada direktorun müavinlərindən biri həyata keçirir.

Mərkəzin baş mühasibi nazir tərəfindən, digər əməkdaşları direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

13. Direktor:

13.1. mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. tabeliyində olan şöbələr, yerli qurumlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrini təmin edir və ona nəzarəti həyata keçirir;

13.3. mərkəzin fəaliyyəti barədə nazirə ildə iki dəfə-yarımillik hesabat verir.

13.4. mərkəzin şöbələrinin və yerli qurumlarının əsasnamələrini təsdiq edir;

13.5. mərkəzə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq edir və imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

13.6. mərkəz üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, mərkəz tərəfindən bu Əsasnamənin 2-ci bəndində göstərilən normativ hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir; 

13.7. mərkəzin əməkdaşları barəsində səlahiyyətləri daxilində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 

13.8. qanunvericiliyə uyğun olaraq, mərkəzin əməkdaşları üçün  icrası məcburi olan göstərişlər, əmr və sərəncamlar verir, daxili təşkilati-sərəncamverici sənədləri təsdiq edir, onların icrasını təşkil edir və icrası üzərində nəzarəti həyata keçirir;

13.9. mərkəzin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

13.10. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

13.11. mərkəzdə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

13.12. mərkəzi etibarnaməsiz təmsil edir.

14. Mərkəzin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

15. Mərkəzdə tədris fəaliyyəti üzrə əsas məsələlərə baxılması üçün mərkəzin direktoru (sədr), direktor müavinləri, mərkəzin şöbələrinin rəhbərlərindən ibarət Metodiki Şura (bundan sonra - şura) fəaliyyət göstərir. Şuranın tərkibinə kənar mütəxəssislər də daxil edilə bilər. 

Şuranın üzvlərinin sayı və tərkibi nazir tərəfindən təsdiq olunur.

Şuranın iclasları üç ayda bir dəfədən gec olmayaraq Şuranın sədri  və ya üzvlərinin 2/3-si tərəfindən çağırılır.

Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, qərar qəbul edilərkən səslər bərabər olarsa, sədrin səsi həlledici hesab edilir. Şuranın qərarı protokolla rəsmiləşdirilir və sədr tərəfindən imzalanır.

16. Şura:

16.1.mərkəzin tədris planlarını və proqramlarını müzakirə və təsdiq edir;

16.2. aidiyyəti qurumlarla əməkdaşlıq və əlaqələndirmə məsələlərini müzakirə edir, müvafiq qərarlar verir;

16.3. tədris-metodik vəsaitləri müzakirə edir onların nəşr olunmasının məqsədəuyğun olub-olmaması  barədə qərar qəbul edir;

16.4. biznes tədrisi sahəsində elmi-praktiki konfransların, müşavirələrin, seminarların, dəyirmi masaların və bu kimi digər tədbirlərin keçirilməsi haqqında qərar qəbul edir.

______________________________________________________

 

İqtisadi  İnkişaf  Nazirliyi  Bakı Biznes 

Tədris Mərkəzinin  direktorunun  “02” 

mart  2010-cu   il   tarixli  13/ş  nömrəli

                                                                                                                                  əmri ilə təsdiq edilmişdir.

 

 

 

İqtisadi İnkişaf Nazirliyinin Baki Biznes Tədris Mərkəzinin Nümayəndəliyinin

Ə S A S N A M Ə S İ

 

I. Ümumi müddəalar

1. İqtisadi İnkişaf Nazirliyinin (bundan sonra - Nazirlik) Bakı Biznes Tədris Mərkəzinin (bundan sonra – Mərkəz) nümayəndəliyi (bundan sonra - Nümayəndəlik) regionda sahibkarlarınvə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin maarifləndirməsi, informasiya və konsaltinq xidmətlərinə olan tələbatlarının dolğun şəkildə ödənilməsi, işgüzar fəallığın artırılması, əhalinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi tədbirlərini həyata keçirir.

2. Nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”ni, “İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Əsasnaməsi”ni,  Nazirliyin Kollegiya qərarlarını, əmrlərini, sərəncamlarını, Mərkəzin direktorunun  əmr, sərəncam, göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

3. Nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin və Mərkəzin struktur bölmələri və tabeliyindəki qurumları, səlahiyyətləri daxilində yerli icra hakimiyyəti və digər dövlət orqanlarının yerli qurumları, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nümayəndəlik öz adı həkk olunmuş möhürə və blanka malikdir.

5. Nümayəndəlik iqtisadi inkişaf naziri (bundan sonra – Nazir) tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərir.

6. Nümayəndəliyin saxlanma xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi Mərkəz tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

 

II. Nümayəndəliyin fəaliyyət istiqamətləri

7. Nümayəndəliyin fəaliyyət  istiqamətləri aşağıdakılardır:

7.1. sahibkarların maarifləndirilməsi, təcrübəkeçmə, yenidənhazırlama və ixisasartırma tələblərinin ödə­nil­məsi tədbirlərini həyata keçirir;

7.2. sahibkarlara konsaltinq, innovasiya, informasiya təminatı və təmsilçilik xidmətlərinin gös­tə­rilməsini təmin edir;

7.3. müvafiq sahənin inkişafına dair təkliflər verir;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Nümayəndəliyin vəzifələri

8. Nümayəndəlik bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. sahibkarların təcrübəkeçmə, ixtisasartırma və yenidən hazır­lanma tələbatının ödənilməsi məqsədilə müvafiq tədris kurslarını təşkil etmək;

8.3. tədris proqramlarının dinləyicilər tərəfindən dərindən mənimsənilməsi üçün zəruri tədbirlər görmək;

8.4. fəaliyyət istiqaməti üzrə əlavə tədrisə olan tələbatı müəyyən etmək və müvafiq təkliflər hazırlayıb Mərkəzə təqdim etmək;  

8.5. sahibkarlara sistemli və davamlı konsaltinq, informasiya və təmsilçilik xidmət­lərinin göstərilməsini təmin etmək;

8.6. potesial sahibkarlar üçün tədris kurslarının təşkilini, tədris proq­ramları əsasında zəruri biliklərin verilməsini təmin etmək;

8.7. kiçik və orta sahibkarlara rəqabət və istehsal potensialını yüksəlt­məyə, infor­ma­siya-kommunikasiya texnologiyalarından və məlumat bazaların­dan istifa­də etməyə yardım göstərmək, sahibkarlıq subyektlərinin inkişaf potensialı­nın və prioritetlərinin müəyyən edilməsi məqsədilə sorğuların keçirilməsini və təhlillərin aparılmasını təmin etmək;

8.8. kiçik və orta sahibkarlıq subyektlərinə biznesin idarə olunması sahəsində təlim, məsləhət və informasiya xidmətlərini göstərmək;

8.9. məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədi ilə əhalinin müxtəlif zəif təbəqə­lərinə (gənclər, qadınlar, işsizlər, əlillər, məcburi köçkünlər) sahibkarlıq fəaliyyətinin əsaslarını  aşılamaq;

8.10. sərhədyanı və dağlıq rayonlarda maarifləndirməyə, konsaltinq, informasiya təminatı və təmsilçilik xidmətlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə sorğular keçirmək və müvafiq təlimlər təşkil etmək;

8.11. biznes təhsilinin məzmununun və təşkilinin təkmilləşdirilməsinə dair təklif­lərin hazırlanmasında iştirak etmək;

8.12. kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, sa­hib­karların maarifləndirilməsi sahəsində innovasiyaları, beynəlxalq təcrübəni öyrənmək və regionda tətbiqi sahəsində Mərkəzə  təkliflər vermək;

8.13. Mərkəzin fəaliyyəti barədə sahibkarlara vaxtaşırı məlumatlar vermək;

8.14. öz səlahiyyətləri daxilində Nümayəndəlikdə daxili nəzarəti həyata keçirmək;

8.15. Nümayəndəliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətin­də öz səlahiyyətləri daxilində təkliflər vermək;

8.16. Nümayəndəliyin fəaliyyəti istiqamətləri üzrə daxil olan ərizə, şikayət və tək­lif­lərə baxmaq və səlahiyyətləri daxilində tədbirlər görmək;

8.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş di­gər vəzifələri yerinə yetirmək.

 

IV. Nümayəndəliyin  hüquqları

9. Nümayəndəlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. fəaliyyət istiqamətləri üzrə dəyirmi masalar, seminarlar, konfranslar təşkil etmək və Mərkəzin razılığı ilə xüsusi bulletenlər hazırlamaq;

9.2. Nazirlik və Mərkəz tərəfindən yaradılmış işçi qruplarında, komissiyalarda, treninqlərdə və digər bu kimi tədbirlərdə, habelə Nazirliyin və Mərkəz rəhbərliyinin müvafiq göstərişi əsasında digər orqanlar tərəfindən yaradılmış komissiyalarda, işçi qruplarında iştirak etmək;

9.3. Mərkəzin rəhbərliyinin vəkalətnaməsi əsasında məhkəmələrdəvəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçı və cavabdeh qismində iştirak etmək və dövlət orqanlarında Mərkəzi təmsil etmək;

9.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr, habelə müvafiq sahə üzrə tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, Mərkəzə təkliflər vermək;

9.5. Nümayəndəliyin iş planından kənar məsələlərin baxılması təşəbbüsü ilə çıxış etmək;

9.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Nümayəndəliyin fəaliyyətinin təşkili

10. Nümayəndəliyin strukturu və işçilərin say həddi Nazir tərəfindən təsdiq edilir.

11. Nümayəndəlik bilavasitə Mərkəzin direktoruna tabedir və onun qarşısında hesabat verir.

12. Nümayəndəliyin fəaliyyətinə rəhbərliyi Mərkəzin direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəhbər həyata keçirir.

13. Nümayəndəliyin rəhbəri nümayəndəliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

14. Nümayəndəliyin rəhbəri olmadığı müddətdə onun səlahiyyətlərini Mərkəzin direktoru tərəfindən müəyyən edilmiş şəxs həyata keçirir.

15. Nümayəndəliyin əməkdaşları Mərkəzin direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

16. Nümayəndəliyin rəhbəri:

16.1. Nümayəndəliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

16.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, xidməti və icra intizamına riayət etmələrinə nəzarət edir;

16.3. Nümayəndəliyin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Mərkəzin direktoruna təqdimatlar verir;

16.4. Nümayəndəliyin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində sorğular verir, Mərkəzin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

16.5. Nümayəndəliyi yerli özünüidarəetmə orqanları, habelə kommersiya və qeyri-kommersiya təşkilatları, fiziki şəxslərlə münasibətlərdə etibarnaməsiz təmsil edir;

16.6.  Nümayəndəliyin möhüründən, blankından və Nümayəndəliyə istismara verilmiş əsas vəsaitlərdən istifadəyə görə şəxsən məsuliyyət daşıyır.

17. Nümayəndəliyin yenidən təşkil olunması və yaxud ləğv edilməsi Nazirin əmri ilə həyata keçirilir.     

18. Nümayəndəliyin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.