BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Bakı Biznes Tədris Mərkəzi

Bakı Biznes Tədris Mərkəzi (BBTM) 2007-ci ildə yaradılmışdır. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda fəaliyyətinin genişləndirilməsi, sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün sistemli və davamlı tədris, məsləhət, informasiya xidmətlərinin genişləndirilməsinin təmin edilməsi məqsədi ilə İqtisadi İnkişaf  nazirinin 02 mart 2009-cu il tarixli F-22 nömrəli və 10 iyun 2013-cü il tarixli F-56 nömrəli əmrləri ilə 7 şəhər və rayonlarda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki, Xaçmaz) nümayəndəliklər yaradılmış, struktur və ştat cədvəli yeni redaksiyada təsdiq edilmişdir.

Hazırda BBTM İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumu kimi fəaliyyət göstərir, 45 ştat vahidi ilə təmsil olunur və dövlət büdcəsindən maliyyələşdirilr.

Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında sahibkarlığın inkişafının innovasiya-tədris-konsaltinq sisteminin formalaşdırılması vasitəsilə sahibkarların, iş adamlarının və sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsindən, onların məsləhət, informasiya və innovasiya xidmətlərinə olan təlabatlarının dolğun şəkildə ödənilməsindən, regionlarda işgüzar fəallığın artırılmasından, eyni zamanda əhalinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Bu baxımdan, BBTM-nin aşağıdakı istiqamətlərdə strateji məqsədləri formalaşdırılmışdır:

1. Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi;

2. Sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin göstərilməsi;

3. İqtisadiyyat Nazirliyinin şöbələrinin, strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının maarifləndirilməsi istiqamətində sistemli, planauyğun   və davamlı fəaliyyətin həyata keçirilməsi (korporativ maarifləndirmə).

Strateji məqsədlərə nail olmaq üçün BBTM-nin konseptual baxımından  əsas vəzifələri müəyyənedilmişdir. Onların sırasından aşağıdakıları xüsusi qeyd etmək olar:

  • biznes və korporativ tədrisin metodologiyasının formalaşdırılması;
  • Bakı şəhərində və regionlarda ixtisaslaşma, sosial-demoqrafik və digər xüsusiyyətlər nəzərə alımaqla maarifləndirmə istiqamətlərinə tələbatın müəyyən edilməsi;
  • biznes və korporativ tədris modullarının formalaşdırılması, tədris planlarının və tədris proqramlarının işlənib hazırlanması;
  • Bakı şəhərində və regionlarda biznes tədrisinin təşkili və idarə edilməsi;
  • gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə maarifləndirmə proqramının işlənib hazırlanması;
  • müasir İKT-dən istifadə etməklə distant təhsilin təşkili, həyata keçirilməsi və s.